O S I -- A F        A C İ -- Y F
ASTRONOMİYA TARİXİ
 
Açıq Cəmiyyət İnstitutu -- Yardım Fondu
Yeniliklər | Qobustan qayıqları | Qız qalası | Müğənna ibn Əta  | Astroveb  |   Biruni -- İbn Sina  |  Ömər Xəyyam  |  M.N.Tusi
  Uluqbəy  |  
Şərq təqvimi |  Astroloqema?  | A.Oleari Şamaxıda (XVII əsr) | Namaz vaxtı  | Dan  |  Kölgə saatı ,


MƏHƏMMƏD NƏSİRƏDDİN ƏT-TUSİ

2001-ci ildə orta əsr görkəmli alimi Nəsirəddin ət-Tusinin anadan olmasının 800 illik yubileyi qeyd olundu. Şamaxı Astrofizika Rəsədxanasında yubileylə əlaqədar bir neçə beynəlxalq konfrans keçirildi.
VII-X əsrlərdə Ərəb xilafətində bir çox xalqların assimilyası nəticəsində yeni qlobal dünya mədəniyyəti - orta əsrlər şərqinin İslam - Ərəb mədəniyyəti yarandı. Bu mədəniyyətin təşəkkül tapıb çiçəkləndiyi dövr İslam Renessansı dövrü kimi də adlandırılır. XII əsrdə monqollar bu xilafəti məğlub etdikdən sonra da Orta Asiya ölkələrində, Azərbaycan, İran, Əfqanıstan İraqda elm və mədəniyyət inkişaf etməkdə davam etmişdir.
Son dövrlərədək qərbdə elm tarixi tədqiqatçıları arasında belə bir fikir formalaşmışdı ki, orta əsr şərq alimləri yalnız qədim yunan filosoflarının əsərlərini əzbərləməklə, onları mədh etməklə məşğul olmuşlar və elmə heç bir yenilik gətirməmişlər. Bu, əsasən onunla bağlı olmuşdur ki, ərəb xilafətindən sonrakı dövrlərdə yüzillər ərzində gedən tayfalararası, qarətçilik müharibələri alovunda xeyli əlyazmalar ya məhv olmuş, ya da hansısa şəxsi və islam dövləti arxivlərində yatıb qalmışdı. Tədqiqatçılar isə tarixi mənbələr kimi yalnız orta əsr şərq şairlərinin əsərlərindən və bir neçə mütəfəkkirin orta əsr Avropasında çap olunmuş əsərlərindən istifadə edə bilirdilər. Keçən əsrdə, xüsusən də onun ikinci yarısında dünya miqyasında gedən inteqrasiya prosesləri nəticəsində şərq ölkələrində xeyli arxiv və mə'xəzlərin üstü açıldı. Yeni faktlar, mənbələr üzə çıxdı.
Ümumiyyətlə, qədim dövrlər üçün elm tarixi dedikdə Astronomiya və Riyaziyyatın tarixi nəzərdə tutulur.
Astronomiyanın o dövrdəki inkişafı aşağıdakı mərhələlərdən ibarət olmuşdur:
1. Qədim Hind və Yunan elmi mənbələrinin ərəb dilinə tərcümə edilməsi və Bağdadda “Hikmət Evində”- o dövrün elmlər akademiyasında rəsədxananın yaradılması. Xususilə Ptolomeyin məşhur “Meqale sintaksis” əsərinin tərcüməsini qeyd etmək lazımdır.
Əl-Bəttaniin öz ölçmələrilə Ptolomeyin ekliptikanın ekvotora meyli qiymətini dəqiqləşdirməsi və Günəş apoqeyinin hərəkətini sübut etməsi, Əbul-Vəfanın Ayın hərəkətində yeni bərabərsizliyin – variasiyaları kəşf etməsi.
2. Orta Asiya alimi və mütəfəkkiri Biruninin (973-1048) işləri: yüksək dəqiqliklə ekliptikanın ekvatora meylinin təyini – 23°34' 00" və bu meylin 100 il ərzində 52,6'' qədər azalmasının aşkarlanması.
Məşhur şair və alim Ömər Xəyyamın dəqiq təqvim tərtib etməsi.
3. XIII- XV əsrlər: orta əsrlərin iki məşhur elmi məktəbinin – Məhəmməd Nəsirəddin Tusinin rəhbərlik etdiyi Marağa və Uluqbəyin Səmərqənd məktəblərinin elmi fəaliyyətləri.
Astronomiyanın Qədim Yunan və Hind astronomiyasından sonrakı inkişaf mərhələsi yeni riyazi aparatın – triqonometrik üsulların işlənib hazırlanması və triqonometriyanın müstəqil elmə çevrilməsilə əlaqədar olmuşdur. Astronomik alətlərin – sekstant və kvadrantların ölçülərinin böyüdülməsi, uzunmüddətli sistematik müşahidələrin aparılması Ptolomeyin səhvlərini üzə çıxartdı. Deyilənlər daha çox Marağa və Səmərqənd astronomiya məktəblərinə aiddir.
Əslən Cənubi Azərbaycanın Həmadan şəhərindən olan Nəsirəddin Tusi (1201-1274) Təbrizin yaxınlığında, Marağada öz dövrü üçün ən böyük rəsədxananın bünövrəsini qoymuşdu.Tusi presessiya sabiti üçün 51,4'' qiymətini alaraq onu dəqiqləşdirdi. Tusinin müşahidələri əsasında ulduzların kataloqu, Günəşin, Ayın və planetlərin cədvəlləri -"Elxan cədvəlləri" tərtib olunmuşdu. Tusi ən asan düzəldilən, yalnız bir taxta xətkeşdən ibarət olan asturlab – "Tusi ağacı" kimi tanınan asturlab icad etmişdi. Nəsirəddin Tusini ən çox məşhurlaşdıran onun, Ptolomeyin modelini təkmilləşdirən işləri olmuşdur.
Astronomiya obyektlərinin hərəkətini modelləşdirən Ptolomey sistemi geosentrik konsepsiyaya və episiklik hərəkət prinsipinə əsaslanırdı. Hər bir planetin hərəkəti bütöv bir deferent və episikllər sistemi vasitəsilə alınırdı. Bütün çatışmamazlıqlarına baxmayaraq bu sisiem 1500 il ərzində (Kopernik heliosentrik sistemini kəşf edənədək) əvəzsiz hesab olunmuşdur. Çünki, sırf riyazi model olan Ptolomey modeli istənilən tarix üçün, istənilən astronomik obyektin koordinatlarını kifayət qədər dəqiqliklə hesablamağa imkan verirdi. Bu sistemin ən böyük nöqsanı ( o dövr üçün) onun Aristotel prinsipini pozması idi. Aristotelə görə astronomik cisimlərin hərəkətləri yalnız ali hərəkətlərdən - bərabərsürətli fırlanma hərəkətlərindən ibarət ola bilərdi. Ptolomeyin ekvant hipotezinə görə isə episiklin mərkəzinin deferent üzrə hərəkəti bərabərsürətli deyildi. Tusi elə model qura bilmişdi ki, orada belə hərəkətlər bərabərsürətli idi və bu hərəkətlər düzxətli hərəkət kimi görünürdülər. Bundan ötəri Tusi xüsusi lemma isbat etmişdi: ''Əgər diametri d olan çevrə diametri 2d olan çevrənin daxilinə toxunaraq diyirlənirsə, onda bu çevrənin hər bir nöqtəsinin hərəkəti böyük çevrənin diametri üzrə düzxətli irəliləmə-geriləmə hərəkəti olacaqdır''. Tusi "Astronomiyaya aid yaddaş kitabçası" traktatında bu lemmanın köməyilə Ayın hərəkət modelini qurmuşdur. Baxmayaraq ki, bu model müşahidəyə uyğunluğuna görə Ptolomey modelindən üstün deyildi, o, böyük əhəmiyyət kəsb edirdi. Əsrlərlə səma cisimlərinin və Yer üzərindəki cisimlərin hərəkətləri Aristotel təlimilə qarşı-qarşıya qoyulurdu: mükəmməl və bərabərsürətli səmavi fırlanma hərəkəti və düzxətli yerüstü hərəkətlər. Tusi onlar arasında körpü yaratdı.
Maraqlıdır ki, 300 il sonra N.Kopernik də belə lemmadan istifadə edərək Merkurinin və Ayın hərəkət modelini qurmuşdur və bu lemma onun "Səma cisimlərinin dolayları'' əsərinə, Tusinin traktatına iqtibas edilmədən daxil edilib. . Bundan əlavə, Kopernikin Ayın hərəkət modelinin qurulmasında istifadə etdiyi bəzi ədədi sabitlər və izahlar da Marağa məktəbinin davamçısı İbn əş-Şətirin işlərindəkiləri təkrarlayır və bu hal təsadüfi üst-üstə düşməklə izah oluna bilməz.
Orta əsrlər Avropasına M.N.Tusi riyaziyyata aid əsərlərin müəllifi kimi bəlli idi. N. Tusinin astronomiya irsi Avropada ilk dəfə 1893-cü ildə, P.Tannery tərəfindən Parisdə nəşr olunan : ''Recherches sur I'histoire de I'astronomie ancienne'' kitabına daxil edilməklə dərc olunmuşdur. Amma, Bizansın sügutuyla və sonuncu səlib yürüşüylə əlagədar şərg əlyazmalarının əvvəlki yüzilliklərdə də Avropaya gəlib çata bilmək ehtimalı var idi.
Marağa məktəbi astronomlarının işlərindən N.Kopernikin xəbəri var idimi ?
Bu sualın hərtərəfli cavabı həm də bu lemmanın b.e. əvvəl İV əsrdə, əsərləri sonrakı dövrlərə gəlib çatmayan, birinci yunan astronomu Yevdoks tərəfindən də goyulduğunu nəzərə almağı tələb edir.

Abasəli Rüstəmov

                     Rambler's Top100            © 2003-2008 Bütün Haqları Qorunur - Astro.aznet.org
Səhifədəki materiallardan mənbə göstərilməklə istifadə edilə bilər.