O S I -- A F        A C İ -- Y F
ASTRONOMİYA TARİXİ
 
Açıq Cəmiyyət İnstitutu -- Yardım Fondu
Yeniliklər | Qobustan qayıqları | Qız qalası | Müğənna ibn Əta  | Astroveb  |   Biruni -- İbn Sina  |  Ömər Xəyyam  |  M.N.Tusi
  Uluqbəy  |  
Şərq təqvimi |  Astroloqema?  | A.Oleari Şamaxıda (XVII əsr) | Namaz vaxtı  | Dan  |  Kölgə saatı ,

XVII ƏSR ALMAN ASTRONOMU-FİLOSOFU ADAM OLEARİNİN
ŞAMAXIYA SƏYAHƏT QEYDLƏRİ

<…> [Şamaxıda 1637-ci il] fevralın 5-də mən bizim bir neçə adamla birlikdə bazarın yaxınlığında yerləşən, quruluşca çox yaxşı tikilmiş və hansısa fəlsəfə məktəbinə (Philosophish Collegium) bənzəyən, çoxlu giriş və hücrəsi olan bir [binanın] həyətindən keçdik.Burada əllərində kitab tutmuş bir çox gəzişən və ya oturmuş yaşlı və azyaşlı adamları gördükdə buranın nə olduğunu soruşub öyrəndik ki, bu mədrəsədir (Madresa) yəni Gimnaziya və ya Akademiyadır…
<…> Binaya tamaşa edərkən, bizi buradakı açıq otaqlardan birində dərs keçən bir nəfər yanına çağırdı. Onlar bu adamı müdərris, yəni professor və ya müəllim – deyə çağırırdılar. O, əlimdəki … qamış çubuğu görüb onu məndən istədi. Çubuğun üstündə ərəb hərifləri ilə onların, demək olar, həmişə işlətdikləri, “bismillah rəhman rəhim” kəlmələri yazılmışdı. O, çubuğu diqqətlə nəzərdən keçirdi və özünə götürmək istədi. Dedi ki, sabah mənə bundan daha yaxşısını gətirəcək. Mən çubuğu ona vermək istəmədikdə, o, həmin yazıdan “allah” sözünü tərtəmiz yondu, yonqarı isə bir-bir yığıb kağızın arasınabükdü və dedi: hər yerə toxunan çubuğun üstündə allahın adını gəzdirmək olmaz!
<…> Ertəsi gün yenə Mədrəsəyə getdim, 8 dyüm böyüklüyündə səma qlobusunu özümlə götürüb başqa bir sinfə yollandım, çox mehribanlıqla qarşılandım. Orada professorlar (Maderis – Red.) sevinc içində təəcübləndilər ki, biz almanlar da astronomiya biliklərinə hörmətlə yanaşırlar və indi gördükləri qlobusdan onlarda da var. Çünki onlar da astrolyabiyanın istifadə yollarını bilir və bunu öz şagirdlərinə də öyrədirlər. Onlar (müdərrislər – Red.) mənim qlobusumu əllərinə alıb onun üstündəki işarələr üzrə bir-birinin ardınca bütün ulduzları, xüsusilə 12 Zodiakı taparaq ərəbcə onların adlarını söylədilər… Elə həmin günlərdəcə mən başqa bir yerə - yaşadığım mehmanxananın yaxınlığında olan bir məscidə getdim ki, görüm onlar öz cavanlarını və uşaqlarını necə və hansı üsulla oxudurlar. Uşaqlar divarların dibi ilə dövrə vurub oturmuşdular. Molla isə bir neçə yaşlı adamla ortalıqda geniş bir yerdə əyləşmişdi. Sonuncular məni görən kimi çağırıb yanlarında əyləşdirdilər. Molla gözəl hərflərlə yazılmış Qur’anı əlində tutmuşdu. Orada həm də Münəccim Xəlil adlı 65 yaşlı qoca, hicazlı bir ərəb astronom da vardı. O, bəzi şagirdlərə ərəb dilində Evklidi öyrədirdi. Mən içərisindəki təsvirlərə görə bu əsəri tanıdıqda və hələ kifayət qədər öyrənmədiyim yerli dildə bəzi qeydlərimi bildirdikdə, bu, qocanın çox xoşuna gəldi; qoltuğundan çox da böyük olmayan mis üstürlabını çıxarıb məndən soruşdu: ”Bu alət barəsində anlayışın varmı?” Mən onun bəzi hissələrini izah edərək söylədim ki, belə bir şey mən məndə də var. Qoca çox xahiş etdi ki, mən öz üstürlabımı ona göstərim. Evə gedib üstürlabımı və qlobusumu gətirdim. Hamı bunlara baxıb xeyli heyrətləndi. Onlar bu üstürlabı mənim özümün düzəltdiyimi bildikdə, qoca münəccim xahiş etdi ki, mən bütün bu işi necə yaxşı və düzgün kəsib düzəltməyimi ona göstərim; çünki onların üstürlabının dairəvi cizgiləri və dərəcələri əl ilə xeyli qaba qoyulmuşdu. Mən ona dərəcələri göstərən cizgiləri tez və incə oymağın, dərəcələrə bölməyin bəzi üsullarını öyrətdikdə, qoca mənə necə razılıq edəcəyini bilmədi. O tez-tez mehmanxanaya gəlib mənə baş çəkirdi. Bir dəfə yanıma gəldikdə, süfrəyə bükülü meyvə və hazırlatdırdığı bütün xörəkləri də gətirtdirdi; beləliklə, otağımda əməlli-başlı bir qonaqlıq düzəltdi. Qoca münəccim təkidlə bir neçə dəfə məni qonaq apardı. Ancaq o, arzu edirdi ki, mən tezliklə onun dilini öyrənim və ya o mənimkini öyrənsin ki, bir-birimizi yaxşı anlaya bilək...Özünün bu cür hazırlıqlı olması nəticəsində o, demək olar ki, bütün Asiyadakı yerlərin hamısının uzunluq və en dairələrini mənə dedi; həmçinin kağız üzərində çəkdiyi bir neçə parçadan ibarət coğrafi xəritəni göstərdi; bu məlumatları qismən öz müşahidələrim əsasında yoxladıqda tamamilə düzgün olduğunu yəqin etdim.
<…> Martın 10-da …. Naurus adlandırdıqları öz Yeni illərini böyük şənliklə bayram etdilər...Astroloq tez-tez masanın arxasından durubr, öz üstürlabı ilə Günəşin hündürlüyünü müşahidə edir, saata baxır, beləliklə gecə ilə gündüzün bərabərlik nöqtəsinə çatacağı anı müşahidə edirdi. Elə ki, arzu olunan an çatdı, o bərkdən elan etdi: Yeni ildir. Dərhal qala və səhra toplarından atəş açıldı. Şəhərin qala divarları və bürclərinin hər yerində truba çalındı, təbillər döyüldü, beləliklə də, bayram böyük şənliklə başlandı., həmin gün yaxşıca yemək-içməklə başa çatdı.

                     Rambler's Top100            © 2003-2008 Bütün Haqları Qorunur - Astro.aznet.org
Səhifədəki materiallardan mənbə göstərilməklə istifadə edilə bilər.