O S I -- A F        A C İ -- Y F
ASTRONOMİYA TARİXİ
 
Açıq Cəmiyyət İnstitutu -- Yardım Fondu
Yeniliklər | Qobustan qayıqları | Qız qalası | Müğənna ibn Əta  | Astroveb  |   Biruni -- İbn Sina  |  Ömər Xəyyam  |  M.N.Tusi
  Uluqbəy  |  
Şərq təqvimi |  Astroloqema?  | A.Oleari Şamaxıda (XVII əsr) | Namaz vaxtı  | Dan  |  Kölgə saatı ,


QOBUSTAN QAYIQLARI

Qobustan qayaüstü rəsmlər müzeyi Azərbaycanın paytaxtı Bakıdan 54 km cənubda, Böyük Qafqazın Xəzərə govuşan daşlı-qayalı ətəklərində yerləşir .
Sahəsi 4000 hektardan artıq olan bu qoruğun əsas eksponatları Böyükdaş, Kiçikdaş və Cingirdağ zonasındakı 4400- ə yaxın qayaüstü rəsmlər - petroqliflərdir.
Daş dövründən başlayaraq, ta 19-cu əsrədək böyük bir dövrü əhatə edir və dünyada bu tipli abidələr arasında ən zənginidir. 2007-ci ildən UNESCO-nun dünya mədəniyyəti
Qobustan qayalarının ulu tarixin salnaməsi olmasını, görünür, qədim zamanlardan anlayırmışlar. 12-ci Roma legionu (imperator Domisianın dövrü, 81 - 96-cı illər ) bu yerlərdə olmuşdu və senturion Lütsiy Maksimus bu barədə daş kitabədə latınca aşağıdakı yazını qoyub getmişdi (şəkil 1).
Qobustanı dünyanın oxşar arxeoloji müzeylərindən fərqləndirən əsas cəhət buradakı çoxsaylı, 100-dən artıq qayıq cizgiləridir. Bu qayıqların ekipajı paralell ştrixlər cərgəcindən ibarətdir. Bəzi qayıqlarda bu cərgə qayığın burun hissəsində - ştevenində səkkiz xırda ştrixdən ibarət kiçik cərgəylə və öndəki şua saçan günəş təsvirləri ilə tamamlanır.
(şəkil 2, 2').

Bu şəkillərdə, eləcə də, demək olar ki, bütün Qobustanda balıq cizgiləri yoxdur, qayıqların xaçlı, xaçsız cizgi-ştrixlərdən ibarət olan sərnişinləri də Qobustandakı çoxsaylı insan cizgilərinə oxşamayırlar. Dənizçiliklə əlaqədar cizgili rəsmlərdə gec-tez yelkən görsənməlidir. Yelkənə, dalğaya bənzər heç bir cizgiyə rast gəlinmir.
Bu qayıqlı rəsmlər nə məna daşıyır və nə üçün çəkilirdilər?
Daş alətlərlə qayaların səthində döyəcləmə-qazma üsuluyla xeyli zəhmət və vaxt sərf etməklə, bəzən çox əlçatmaz yerlərdə çəkilən bu rəsmlərdə nəyin və nə üçün çəkildiyi barəsində yalnız mülahizə yürütmək olar. Bu mülahizələr mümkün qədər bu günkü stereotiplərdən uzaq durmalıdır.

Ola bilsin, qayıqlı rəsmlər qədim insanların gecə-gündüz astronomik hadisəsilə bağlı mifoloji təsəvvürlərini əks etdirir. Hər axşam qərbdə, dağların arxasında batan günəş, səhər çağı əks tərəfdə, Xəzərdən doğub yavaş-yavaş yuxarı qalxır...Qədim insanlar üçün bu, təbiətin ən möhtəşəm, təsirli və möcüzəli hadisəsi idi.
Dəniz sahilində yaşayan insanlar bu səyahətin - yerdəyişmənin dənizə bənzəyən gündüz səmasında və o biri, zülmət-gecə dünyasında əfsanəvi qayıq vasitəsilə baş verdiyini təsəvvür edirdilər.
Uralda (şəkil 5) və İsveçdə (şəkil 4) tapılmış buna bənzər qayaüstü rəsmlər də, yəqin ki, bu məna daşıyır.
Xəzərin o tayında, qazaxların "Böyük ayı" bürcünü "Asiman kayık" adlandırmaları da bu mənayla uzlaşır.
Deyilənlərə ən inandırıcı tutarqa Misir ehramlarında da burnunda günəş aparan qayıq rəsmlərinin (şəkil 3) və gədim Misrin günəş allahı Raanın gündüz səmasında və yeraltı zülmət-gecə dünyasında səmavi qayıqla dovranını təsvir edən ieroqlif yazılarının olmasıdır.

Qayığın quyruğunda, lotos gülü üzərinə qonmuş qartal Qor allah Raanın qiyafələrindən biridir və günorta vaxtı səmada yavaş-yavaş, qartal kimi süzən günəşdir.
Panteonun digər üzvü, peyin böcəyi səhər çağları üfüqdən peyin böcəyinin diyirlətdiyi peyin kürəciyi kimi qıvraq galxan səhər günəşinə, əli əsalı qoca fiquru günortadan sonrakı, əyilən, yorğun axşamüstü günəşinə işarədir. Səmavi qayığın burnuna yaxın əyləşmiş itbaşlı meymun-pavian və qaraleylək quşu Ay allahı Totun simvollarıdır.
Daim təkrarlanan bu səyahətdə arxayınçılığa yer yoxdur. Günəşi udmaq istəyən əjdaha əlverişli an gözləyir...

Qayidaq Qobustana. Diqqətlə yazılı qaya divarlarının fotolarına baxdıqda çox yerdə rəsmlərin altında irili-xırdalı günəşli qayıq rəsmləri tapmaq olur. Elə bil əvvəllər daş-qayalara ancaq günəşli qayıq şəkilləri çəkirmişlər. Həm də bu cür qayaüstü cizgilərə Abşeron və Abşeronətrafı bütün güşələrdə rast gəlmək olur. Qobustandan sonra bu dəstəyə mənsub ən diqqətəlayiq və iri qaya Nardarandakı "Ümüd" qayasıdır ki, artıq qonşuluğundakı digər arxeoloji obyektlərlə birgə kiminsə hasarına düşüb, özəlləşdirilib...
Ehtimal etmək olar ki, bu cizgilər Günəşə səcdə ritualının müəyyən elementləri idi. Günəşə səcdə qədim dövrlərdə Azərbaycan - Misir- Aralıq dənizi sahilləri ölkələri-Skandinaviyacan yayılmışdı. Bu marşurut üzrə səyahət edən baykerlər -dənizçilər tayfası haqqında da tarixçilər yazırlar.
Maraqlıdır, Misir qayıqlarıyla Qobustan qayıqları arasında müəyyən əlamətdar oxşarlıq var. Hər iki qayıq günəşlərindən aşağıya iki çıxıntı sallanır (şək. 3,6,7)).
Şəkil 6,7.
Qoruyucu göz

     "Qoruyucu göz" Misirdə indi də dəbdə olan amuletdir...
Qayıq ekipajı rəsmlərinin min illərlə eyni üslubda çəkilməsi, bəzi böyük qayıqların boynunda - ştevenində 8 dənə kiçik ştrixdən ibarət əlavə bir sıranın olması bu rəsmlərin hansısa bir yazı olmasından xəbər vermirmi? Gədim çin yazilarnda xaçbaşlı ştrix 10 rəqəminin ieroqlifidir. Bu qayaüstü rəsmlər bəlkə qədim təqvimdir və ya yaddaş kitabələridir?
Böyükdaşın aşağı yarusunda 1№-lə qeydiyyata alınan böyük qaya xüsusi tədqiqatlar tələb edir (şəkil 8). Bu qaya xüsusi işlənməklə düzəldilmiş hansısa qurğuya bənzəyir. Gündoğara - şərqə baxan böyründəki hamar divarlı taxçanın divarında çəkilmiş burnunda günəş aparan 3 m-lik qayıq üfüq müstəviylə təqribən 23 (!) dərəcəlik bucaq əmələ gətirən istiqamətlə şimala doğru göyə qalxır!? Səmavi qayıqdan dənizə doğru mail müstəvi-səkiylə axışan ştrix ekipajlı xırda qayıqlar görünür...
Mail müstəvi səkinin ön hissəsində daha qədim günəşli qayiq rəsmləri üzərində sonradan davar (qoç), böyük öküz və öküzün də üzərində Ekizlər bürcünün ulduz düzümünü təkrarlayan " П"-yə bənzər rəsm çəkilib!
Yaxın keçmişdə hansısa astronomiya həvəskarı buradakı uzanmış qədim qoc şəklini görmədiyindən daşı sürtələməkə daha bir yeni davar şəkli çəkmişdir. Bəlkə də Ekizlər bürcünün simvolu da sonradan əlavə olunub.

Şəkil 8,9..

Səmavi qayığın sərnişinləri sayı ilin günlərinin sayı kimi də qəbul oluna bilər. Amma nəzərə almaq lazımdır ki, xaç və ştrixlərin sayında qeyri-müəyyənlik var.
İ variant: 36 xaç və 9 ştrix. Xaç 10 rəqəminin işarəsidir, ştrix - 40. Bu variantda xaçların və ştrixlərin sırası ilin günlərinin saynı əks etdirir: 36x10=360, 9x40=360.
İİ variant: 40 xaç və 9 ştrix. Bu variantda ilin hərəsi 40 gün olan 9 aydan ibarət olması göstərilir.
Hər iki variantda ilin uzunluğu biri 40 gün olan 9 aydan ibarət olmaqla 360 günə bərabərdir! Bu, qədim neolitin nə vaxt qurtaracağını səbirsizliklə gözləyən qobustanlıların ən sanballı kəşflərindən biri idi.
40 gündən ibarət vaxt vahidindən ilin qış mövsümündə "çilə" adıyla istifadə bu günümüzədək gəlib çıxmışdır.
Maraq doğuran faktlardan biri də 60-cı illərədək Novruz bayramı günləri ətraf kənd və qışlaqları camaatının Qobustanı ziyarət etmələridir. Bu onunla bağlı ola bilər ki, qədim zamanlarda Novruzun gəlişini 1№-li qaya vasitəsilə təyin edirlərdi. Sonradan miladi təqvim bərqərar olduğundan buna ehtiyac qalmadı. Amma insanların bu vərdişi başqa məzmunla doldu və indiyəcən gəlib çata bildi!
1№-li qaya taxçası tavanınin kölgəsi səhərlər Günəş qalxarkən bir anlığa Səmavi Qayığın rəsmilə üst-üstə düşür (Şəkil 9). Bu fakt da əlavə tutarqa kimi qəbul oluna bilər. Taxça tavanında, qayığın burnu önündə bir çıxıntı da çapılib. Bu çıxıntı--markerin kölgəsi səhərlər ilin müxtəlif vaxtı qayığın müxtəlif hissəsinin üzərinə düşür. Bu istiqamətdə də araşdırmalar aparmaq lazımdır. Əlavə çətinlik ondadır ki, güclü zəlzələ zamanı qonşu qaya aşaraq 1№-li qayanın üstünə yıxılmış, onun oturacaq hissəsini parçalamış və onu böyrü üstə əymişdir.

İsveç,

Qobustan mado nnası
Şəkil 10.

Qız bürcü

Səki üzərində qədim qayıq cizgiləri üzərinə Buğa, digər qaya rəsmlərinə isə Buğayla birgə mütəxəssislərin "Venera figurları" kimi adlandırdiqları qadın figurları (şəkil 10) əlavə olunması qədim qobustanlıların Günəşlə bağlı mifologiyalarının totemizmlə, analıq və bar-bərəkət (qədim yunanlarda Artemida) kultlarıyla zənginləşmə dövrünü əks etdirir. Sonradan belə mifopoetik dünyagörüş Xəzər ətrafı kimi böyük bir ərazidə günəş allahı Mitra, müqəddəs buğa Arta, xeyir-bərəkət və şirin su ilahəsi Ardivisur elementli bütöv bir dini sistem kimi formalaşdı.

Ümumiyyətlə, Qobustan çox əhəmiyyətli bir elm sahəsi olan İnsan Tarixi elmi üçün çox zəngin bir laboratoriyadır. Xəzərətrafı regionda sonuncu minillikdə iqlim dəyişməsilə, aridləşməylə əlaqədar yararsızlaşan bu ərazi insanların getdikcə intensivləşən fəaliyyət dairəsindən çıxaraq dövrümüzə toxunulmamış gəlib çıxmışdır.
Kür-Araz ovalığı dünyada ibtidai insan həyatı üçün ən əlverişli güşələrdən biri idi. İbtidai insan qışda arana, yayda yaylağa köç etməklə il boyu burada yaşaya bilirdi. İbtidai insanlar əkinçiliyin sirrlərinə sahib olmayanadək, ilin çox hissəsində ibtidai insan üçün yararsız olan Yaxın Şərqdə, Ərəbistanda, ola bilsin lap Nil vadisində də məskunlaşa bilməzdilər.
Onlar əkinçilik, xüsusilə də taxılçılıq sahəsində zəruri təcrübə və vərdişlər qazandıqdan sonra artıb-törəyərək ətrafa yayılmağa başlamışdılar.
Cənubi Azərbaycanın iri meyvələr yetişdirən, qırmızı torpağlı Kəndovan (Urmiyyədə) bibliyaşunasların qənaətinə görə Adəm və Həvvanın vətəni Edemin prototipidir. Nuh əfsanəsində də Ağrı dağın xilaskar məkan kimi seçilməsi, Naxçıvandakı Gəmiqaya toponimi də, ola bilsin, insanların ilkin miqrasiyadan əvvəlki keçmişlərilə bağlı yaddaşlarıdır...
İstənilən halda, Gobustan qayaüstü rəsmlər müzeyi daha yüksək diqqət və qayğıya layiqdir. Bu qayaüstü rəsmlər əsil sirrlər xəzinəsidirlər...

A.Rüstəmov,
astronom

                     Rambler's Top100            © 2003-2008 Bütün Haqları Qorunur - Astro.aznet.org
Səhifədəki materiallardan mənbə göstərilməklə istifadə edilə bilər.